“"Əkinçi" beyinlərdə, düşüncələrdə fövqəladə oyanış yaratdı…”
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, Mətbuat Şurasi İdarə Heyətinin üzvü, Əməkdar Mədəniyyət işçisi, şair-publisist Umud Mirzəyev müsahibə verib.
Hafta.az müsahibəni təqdim edir:
- Umud müəllim, uzun illərdi peşəkar jurnalistikadasınız. Bir mətbuat qrumun rəhbəri olaraq Azərbaycanda milli mətbuatın yaranmasının 150 illik yubileyi ilə əlaqədar fikirlərinizi bilmək istərdik.
- Öncəliklə dəvət üçün sizə təşəkkür edirəm. Ümumiyyətlə, Azərbaycanın 150 illik tarixinə nəzər yetirsək, görərik ki, bu illər ərzində Azərbaycanın tərcümeyi-halına çox mühüm tarixi hadisələr yazılıb. Təbii ki, 1875-ci ildə ilk sayı dərc olunan və iki il ərzində cəmi 56 sayı dərc olunan "Əkinçi", faktiki olaraq, öz adını doğrultdu. Əkinçi beyinlərdə, düşüncələrdə fövqəladə oyanış yaratdı. Düzdü, onun nəşrinin davam etdirilməsi kənar müdaxilələr, maliyyə çətinlikləri nəticəsində mümkün olmadı. O zaman kimsə "Əkinçi"yə yardım etməyə cəhd göstərmədi. Təbii ki, o dövrdə cəmiyyət özü də basqılar altında idi. O üzdən mövcud quruluş insanların süuruna, beyninə, düşüncəsinə güclü təsir edən belə bir ideoloji resursun yayılmasında, davamlı fəaliyyətində maraqlı deyildi. O üzdən "Əkinçi" iki illik fəaliyyətinin ardından öz nəşrini dayandırmalı oldu.
Yeri gəlmişkən, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında təşkilatımızın xəttiylə təxminən 25 min tirajla "Əkinçi" kitabı hazırlanıb, işıq üzü gördü. Nəfis şəkildə çap olunmuş kitab, demək olar ki, ölkənin bütün kitabxanalarında var. Kitab nəşrə hazırlanan zaman materialları təkrar-təkrar oxumalı, incəməli oldum. Həsən bəy Zərdabi nə qədər qüdrətli, nə qədər dözümlü, vətəndaş mövqeyi ilə, ləyaqətlə bu qəzetin hər nömrəsinin işıq üzü görməsi üçün çabalar göstərmişdi.
Qəzetin nəşri üçün Bakıdan Tibilisiyə, Türkiyəyə, Təbrizə qədər yollar uzandı. Nəşr üçün mütəxəssisləri, müəllifləri dörd bir tərəfdən yığmaqla, böyük acılar yaşamaqla qəzeti ərsəyə gətirdilər. Həmin dövrdə cəmiyyətinin aynası olan Azərbaycanın ilk mətbu orqanı məhz belə işıq üzü gördü. "Cəmiyyətin aynası" ifadəsi də ustadımız Həsən bəy Zərdabiyə məxsusdur. Hətta nəşrin nömrələrinin birində Zərdabi yazırdı ki, mən kimə üz tutdum, kimdən kömək istədim, xeyri olmadı.
"Əkinçi" fəaliyyətini dayandırandan sonra Azərbaycan mətbuat tarixində xüsusi yeri olan "Ziya" , "Kəşkül", "Kaspi", "Həyat" kimi dərgilər nəşr olunmağa başladı. "Əkinçi"dən başlayan 150 illik yolda həm də Azərbaycanın müstəqillik tarixi başlayır, Cümhuriyyət dövrü başlayır. İlk müstəqil respublika, ilk parlament bu zaman çərçivəsində yaranıb. Bu müddət ərzində Azərbaycan öz müstəqilliyini itirib, Sovetlər birliyində yaşamışıq. 80-ci illərin sonlarında başlayan milli azadlıq hərəkatı nəticəsində 90-cı illərin əvvəllərində yenidən müstəqilliyimizi qazandıq. Nəhayət, 44 günlük Vətən müharibəsi ilə itirilmiş torpaqlarımızı azad edib, öz ərazi bütövlüyümüzü bərpa elədik. Qazanılan qələbələrdə və uğurlarda Azərbaycan mətbuatının misilsiz rolu olub.

Hesab edirəm ki, Azərbaycan jurnalistləri, mətbuat cameəsi 150 illik yubileyi bu cür möhtəşəm qeyd etməyi haqq edir. Yəni bizim Həsən bəy Zərdabinin yetirmələri, nəvə-nəticələri olaraq, sevməyə haqqımız var. Gecəli-gündüzlü çalışan jurnalistlərimizin Azərbaycanın formalaşmasına-bu 150 illik fəaliyyətə öz töhfəsi, qatqısı vardır.
Xüsusi vurğulamalıyam ki, Ulu öndərin 90-ci illərin əvvəllərində yenidən hakimiyyətə qayıdışından sonra mətbuatımızla bağlı bır sıra önəmli qərarlar verdi. Son zamanlar mötəbər şəkildə beynəlxalq media tədbirlərinin keçirilməsi də məhz mətbuatımıza olan diqqət və qayğının nəticəsidir.
- Bəlkə də, bu gün danışmaq asandı. Amma xurafatçılığın, cahilliyin baş alıb getdiyi bir dövrdə "Əkinçi"nin dərci böyük çətinliklər hesabına başa gəlmişdi. Haqlısınız, bu gün də Həsən bəy Zərdabinin işıqlı, maarifçi ideyaları Azərbaycanda parlamaqdadır.
Umud, müəllim siz həm də işğal dönəmində xarici media nümayəndələrinin ölkəmizə, cəbhə bölgələrinə-Ağdama Füzuliyə və başqa ərazilərə səfərlərini təşkil eləmisiniz. Eyni zamanda jurnalist peşəkarlığının artırılması istiqamətində bir sıra uğurlu layihələr həyata keçirmisiniz. Müsair mətbuatımızdan razısınızmı?
- Bu gün biz böyük coşqu ilə öz 150 illik yubileyimizi qeyd edirk, buna görə narazı olmağa haqqımız yoxdu. Bu bayram əhval-ruhiyyəsinə başqa bir kədərli not əlavə edilməsinə qarşıyam. Ümumiyyətlə, Azərbaycan mətbuatı 150 il boyu özünə tənqidi yanaşıb. Mətbuatımız heç vaxt sinəsinə döyməyib, qürrələnməyib. Hərçənd ki, bu gün qürrələnməyə kifayət qədər haqqımız var.
Son 150 ildə Azərbaycanın uğursuzluqları və kifayət qədər uğurları olub. Bu uğurların qazanılmasında Azərbaycan mediasının xüsusi payı var. Biz də bir media qurumu olaraq gördüyümüz işlərə görə qarşılıq gözləmədik, təmənna güdmədik. Bütün bunları vətəndaş borcumuz olaraq həyata keçirdik.
30 ildən çoxdur ki, rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondu böyük uğurlara, nailiyyətlərə imza atıb. Mən təkcə öz gördüyümüz işlərə xüsusi vurğu ilə yanaşmaq istəmirəm, bütövlükdə Azərbaycan mediası son 30 ili, sözün bütün mənalarında, səngərlərdə keçirdi. Bu gün Azərbaycanın səngərdəki qalibiyyətindən sonra belə Azərbaycan mediası, Azərbaycan vətəndaş cəmiyyəti yenə də səngərdədi.
Bu gün bütöv Azərbaycanın iqtisadi inkişafını gözü götürməyənlər çoxdu. Ona görə də biz media mənsubları olaraq bu istiqamətdə vəzifəmizin nədən ibarət olduğunun fərqindəyik. Məhz Mətbuat Şurası da uzun illərdi bu istiqamətdə fəaliyyət göstərir, Azərbaycan mediasının inkişafı üçün zəruri olan nədənləri həyata keçirməyə çalışır.
- Umud müəllim, müxtəlif ölkələrin media nümayəndələri ilə görüşləriniz, söhbətləriniz olur. Və unutmaq lazım deyil ki, mətbuatımızın içərisində olan peşəkarların hər bir suala cavabı olmalıdı.
- Gülşən xanım, düşmənlərimiz 80-ci illərin ortlarından başlayaraq təbliğ eləməyə başladılar ki, media dövlətdən kənarda dayanmalıdır. Faktiki olaraq elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan jurnalistikası nümayəndələri öz dövlətinin nümayəndələrinə başqa bir cəbhənin nümayəndəsi kimi yanaşmalıydı. Təbii ki, biz bu şeylərin hara getdiyinin fərqindəydik. Paralel olaraq, biz təşkilat olaraq dünyada jurnalsitikanın nədən ibarət olduğunun da fərqindəydik. Hansı ölkələrdə ki medaia dövlətin dəstəyi olmadan fəaliyyət göstərir, orda medianın sonrakı taleyi bəlli deyil. Kim deyirsə ki, hansısa beynəlxalq media qurumu dövlətdən kənardı, yanılır. Dünyanın ən aparıcı media qurumlarının hardan qaynaqlandığını şəxsən mən göstərə bilərəm. Müstəqilliyimizin ilk illərində yad təsirlərə düşən, Azərbaycanın mənafeyini bəzən söz azadlığı, insan haqları adı altında qurban verən jurnalistlərimiz də oldu. Bir milyon qaçqınımız haqda bir kəlmə söhbət salmadan çox kiçik bir problemi Azərbaycana təsir vasitəsinə çevirdilər. Biz belə bir günlərdən də keçdik. Çox şükürlər olsun ki, bütövlükdə Azərbaycan mediası, Azərbaycan jurnalistikası hər zaman xalqının, millətinin, dövlətinin yanında oldu. Toplum olaraq, millət olaraq bizim uğurumuz bizim birlikdə olmağımızdan keçir.
Birinci Qarabağ müharibəsi dövründə dünyanın fərqli ölkələrindən Latviya, Litva Almaniya, Macarıstan, Bolqarıstan, Orta Asiya ölkələrindən, Rusiyanın özündən yüzdən çox jurnalist nümayəndəsini cəbhə bölgələrinə, qaçqın düşərgələrinə səfərlərdə müşayiət etdik. Azərbaycan reallıqlarını, Azərbaycan həqiqətlərini onlara göstərməyə çalışdıq. Bir çox hallarda istəklərimizə nail olduq. Azərbaycan həqiqətlərini görəndən sonra jurnalistlərin əksəriyyəti böyük təəssüf hissi ilə həqiqəti etiraf etməyə məcbur oldular. Buradan Azərbaycanın dostu kimi geriyə dönüblər və bizim haqq səsimizi dünyaya çatdırmaqda dəstək oldular.

44 günlük müharibədə əcnəbi dostlarımızla birlikdə ön cəbhədəydik. Mən sentyabr ayının 27-dən 27 noyabra qədər ön cəbhədə oldum. Təşkilat olaraq 44 günlük müharibə dövründə və ondan sonra da xalqımızın haqq səsinin beynəlxalq auditoriyalara çatdırılmasında üzərimizə düşən vəzifəni icra elədik.
“ Heydər Əliyevin dövründə müstəqil jurnalistika formalaşmağa başladı”
- Biz 35 ilin içərisində həm müstəqilliyimizi qazandıq, həm də zəfər çaldıq. Qalib ölkənin vətəndaşları olaraq qələmimiz artıq zəfərdən yazır. Ümumiyyətlə, 35 il əvvəlin jurnalistikası ilə indiki jurnalistikanın fərqi nədədir?
- 35 il bundan əvvəl, faktiki olaraq, sovet dövründən qalma, sovet ideologiyasına mənsub olan, eyni zamanda yeniliyə can atan jurnalist gəncliyimiz var idi. Hələ müstəqil deyildik, bizi hələ Kreml siyasəti idarə edirdi. Təbii ki, Azərbaycanın mərkəzdən asılılığı hər zaman özünəməxsus şəkildə olub, başqa dövlətlər kimi olmayıb. Allah rəhmət eləsin, Ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimovun və başqalarının dilimizin qorunmasıyla bağlı böyük xidmətləri olub. Heydər Əliyev hakimiyyətə gələndən sorra dilimizə xüsusi önəm verməsi diqqəti çəkir. Mirzə İbrahimovun Azərbaycan SSR Ali Sovetinin sədri kimi bununla bağlı yaddaqalan çıxışları olub.
Yəni Azərbaycan milli jurnalistikası sovet dövründə də yaranır, inkişaf edirdi. Heydər Əliyevin dövründə müstəqil jurnalistika formalaşmağa başladı. Amma zaman, dövr, inkişaf- bütün bunlar məsələlərə öz təsirini göstərir. Deyək ki, 90-cı illərin sonlarında 2000-ci illərin əvvələrində insanların həvəslə alıb oxuduqları qəzetlər indi ən az tirajla çap olunur. Yeri gəlmişkən, deyim ki, dövlət dəstəyi olmadan bu qəzetlərin böyük əksəriyyəti fəaliyyətini dayandırmağa məhkumdu. Burdan da dövlətimizin bu sahəyə dəstəyinə görə öz təşəkkürümü bildirirəm.
Bu gün internet mediada, sosial şəbəkələrdə olan aktivlik o dövrlə müqayisədə fərqlidi. İndi yeni bir jurnalistika formalaşmaqdadı. Fürsətdən istifadə edib bu yeni jurnalistikaya özünü daxil etmək istəyən savadsız, sosial dil pərgarı adamlar da var. Amma Azərbaycan insanı ağı qaradan seçməyi bacarır, nəyin həqiqət, nəyin mənbə olduğunun fərqindədi.
Düşünürəm ki, Azərbaycan gəncliyi daha çox müasir bacarıqlara yiyələnməlidilər. Eyni zamanda əcnəbi dilləri də öyrənməlidilər. Təsadüfi deyil ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə də əməkdaşlığımız var. Bu istiqamətdə kifayət qədər böyük işlər görülməkdədir.
- Təşəkkür edirəm, Umud müəllim. Mətbuatımızın 150 illik yubileyi münasibətiylə sizi ürəkdən təbrik edirəm. Bu təbrikləri daha çox qəbul etməyə haqqınız çatır. Sizə sağlamlıq arzu edirəm. Arzu edirəm ki, təmsil etdiyiniz qurum bundan sonra da uzun illər fəaliyyət göstərsin.
- Mən də sizə təşəkkür edirəm. Sonda istərdim ki bütün həmkarlarımı, bu yolda əziyyəti keçən jurnalist cameəsindəki hər bir insanı, tutduğu mövqedən, vəzifədən asılı olmayaraq, mətbuatımıza xidmət edən hər kəsi ürəkdən təbrik edirəm.
Gülşən BEHBUD